“Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilir

Oktyabrın 14-də “Gülüstan” sarayında “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə fəaliyyətinə həsr edilən konfransda son iyirmi ildə ölkəmizin qazandığı nailiyyətlər və tarixi qələbələrə dair məruzələr dinləniləcək.

Baş nazir Əli Əsədov konfransda geniş məruzə ilə çıxış edib. 

Baş nazir Əli Əsədovun çıxışı

 

Hörmətli konfrans iştirakçıları, Xanımlar və cənablar,

 

Bu gün Azərbaycanın yeni əsrdə yeni lideri olan möhtərəm cənab İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi illiyi tamam olur.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. 

Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. 
Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. 

Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. 

1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi.

21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib.

Hörmətli konfrans iştirakçıları,

Hamımız yaxşı xatırlayırıq ki, ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi Prezident vəzifəsində cənab İlham Əliyevin qəbul etdiyi ilk mühüm qərar olmuşdur. 

Belə ki, Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli  inkişafına dair davamlı və sistemli proqramların əsasını qoymuş, sosial-iqtisadi inkişafın real dinamikasını təmin etmişdir.
Bu Fərmanın davamı olaraq Prezidentin 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə dörd dövlət proqramı qəbul edilmişdir. Bu proqramlar çərçivəsində 100 mlrd. manatdan çox investisiya qoyulmuşdur ki, bunun nəticəsində regionlarımızın siması başdan-başa dəyişmişdir. 

Hörmətli konfrans iştirakçıları,

“Əsrin müqaviləsi” ilə Xəzər hövzəsini xarici investorlar üçün açan, Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı. 

2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin ilin dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. 

Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı.  
2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu. 
Prezident İlham Əliyevin gərgin fəaliyyəti və ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaranmışdır. Bununla da dünyanın enerji xəritəsində yeni mənzərə formalaşmışdır.  

2017-ci il sentyabrın 14-də  Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng Azəri-Çıraq-Günəşli neft yataqları blokunun 2050-ci ilə qədər işlənilməsində yeni dövr başlandı.  

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına start verildi.

Bu irimiqyaslı neft və qaz layihələri ilə yanaşı 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, 2018-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qırılması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi.

Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.

Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır.

Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. 
Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb. 

Bütün bu layihələrin həyata keçirilməsinin, investisiyaların yatırılmasının ən əsas özəlliyi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir. 

Hörmətli konfrans iştirakçıları,

Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir. 

Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir. 

Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərini aydın göstərir. 

Belə ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir. 

Dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsini milli iqtisadiyyat qarşısında əsas çağırış olaraq qoymuş və bu istiqamətdə görülən işlər nəticəsində ötən 20 il müddətində qeyri-neft sektoru üzrə ÜDM 3,4 dəfə artmışdır.

Dövlət büdcəsinin xərcləri 30 dəfə artmışdır. 

Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.

Xarici ticarət dövriyyəsi 10,8 dəfə, o cümlədən ixrac 16,1 dəfə artmışdır. 2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ÜDM 3 dəfəyə yaxın artaraq, 13 256 manat təşkil etmişdir. Aparılan çoxşaxəli iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin olunmuşdur.

Birbaşa xarici borcun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 9,3 faizini təşkil edir. 

Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 mlrd ABŞ dollarını keçmişdir, və hazırda birbaşa xarici borcumuzu 10 dəfə üstələyir. 

Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır. 

Ötən dövrdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və  məhəllələri yaradılmışdır.  

Görülən bütün bu işlər, həmçinin Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanı vermiş, yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirmişdir. 

Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı ötən dövr ərzində diqqət mərkəzində saxlanılmışdır. 

Görülmüş məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artmışdır. Bu dövr ərzində respublika üzrə 51 aqropark yaradılmışdır.

İnfrastruktur layihələrinin icrası olaraq ölkənin ümumi elektrik enerjisi sisteminə daxil olan yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, mövcud yarımstansiyalar yenidən qurulmuş və yeniləri inşa edilmişdir. 

Ümumilikdə, son 20 ildə respublika üzrə ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilmişdir. Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur. 

Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan vermişdir ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilsin. 

2003-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 40 faiz təşkil edirdisə, hazırda bu göstərici 96,3 faiz təşkil edir. 

Həmçinin dövlət başçısının şəxsi müdaxiləsi nəticəsində 14 illik fasilədən sonra blokadada olan Naxçıvan Muxtar Respublikasına 2005-ci ildə təbii qazın nəqli təmin edilmişdir.

Rayon və şəhərlərimizdə su təchizatı sistemləri yenidən qurulmuş, şəhərlərimizə yeni mənbələrdən suyun verilməsi təmin edilmişdir. 
Prezident İlham Əliyevin səyləri nəticəsində 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi Bakı şəhərinin su təchizatı ilə bağlı probleminin həllinə mühüm töhfə vermişdir. 
Son iki dekadada əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən tədbirlər nəticəsində ümumi sututumu 500 milyon kubmetrə yaxın olan 8 iri su anbarı (o cümlədən Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş və ya təmir-bərpa edilmişdir. 
Ümumilikdə, son 20 ildə regionlarda 380-dən çox su anbarı tikilmiş və yenidən qurulmuşdur. 

Ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olmuş, magistral yolların, şəhərlərarası və kəndlərarası, daxili yolların tikintisi, təmiri və yenidənqurulması işləri geniş vüsət almışdır. 

2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edimişdir. 

Çoxlu sayda körpülər və yol ötürücüləri tikilmişdir. 

Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.  

Son 20 il ildə paytaxtda və regionlarda 3630 məktəb, 760-dək səhiyyə müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.  

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. 
Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artmışdır.
Cənab Prezidentin rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artmışdır. 
Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlmişdir.

Eyni zamanda yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına, qaçqın və məcburi köçkün ailələrinin güzəranının yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlər görülmüşdür. 
Əgər 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda cəmi 5,5 faiz təşkil edir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. 

Tarixi Zəfərdən sonra indi artıq qaçqın və  məcburi köçkün statusundan qurtulmuş soydaşlarımızın vaxtilə düşdükləri ağır yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində həyata keçirilmiş proqramlar çərçivəsində 121 qəsəbə və yaşayış kompleksi inşa edilmişdir. 
Prezident İlham Əliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox inqilabi islahatların müəllifidir. 
Bu qəbildən 2012-ci ildən sırf Azərbaycan brendi olan, gündən-günə  bütün ölkə üzrə öz xidmət dairəsini genişləndirən “ASAN xidmət” əhalinin rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini müvəffəqiyyətlə gerçəkləşdirir. 

Cənab Prezidentin rəhbərliyi altında aparılan sosial siyasətin bir istiqaməti də rəqabətqabiliyyətli insan kapitalının formalaşması və yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Bu məqsədlə son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə artmışdır.

Səhiyyə sahəsinin inkişafı istiqamətində islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biri olmuşdur. 2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 33 dəfə artmışdır. 

2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan İcbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir.

COVID-19 pandemiyası yayılmağa başlayan ilk gündən dövlət başçısı tərəfindən bu sahədə göstərilən çevik reaksiya və vaxtında atılan operativ addımlar ölkəmizin bu qlobal sınaqdan minimum itkilərlə çıxmasına şərait yaratmışdır.  

Ötən dövrdə ölkəmizdə elm və təhsilin inkişafına böyük diqqət yetirilmişdir. Ümummilli Liderimiz tərəfindən əsası qoyulmuş xaricdə təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Bu gün neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alaraq Vətənə qayıdan gənclərimiz respublikanın  ictimai həyatında yaxından və səmərəli fəaliyyət göstərirlər.

1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən İlham Əliyevin ölkədə idmanın inkişafına verdiyi mühüm töhfələr sayəsində paytaxtda və regionlarda idmanın güclü maddi-texniki bazası yaradılmış, 50-ə yaxın Olimpiya idman kompleksi tikilmiş, Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Olimpiya oyunlarında uğurlara imza atmış, ölkəmiz Avropa və dünya səviyyəli yarışların keçirildiyi məkana  çevrilmişdir.  

Eyni zamanda yeni texnologiyaların və kosmik sənayenin inkişafı prioritet sahə kimi diqqətdə saxlanılmışdır. 
Azərbaycan bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri uğurla fəaliyyət göstərir. 
Eyni zamanda Azərbaycanda iki yeni peyk istehsal olunacaq, 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. 
Bu yaxınlarda Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi kosmik sənaye, müasir texnologiya və innovasiya sahələrində böyük uğurlara malik ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. 

Hörmətli konfrans iştirakçıları,

Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər  həyata keçirilmişdir.

Cənab İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltmiş, ordumuzu Qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırmışdır. 

Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilmişdir. 

Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilmiş və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılmışdır.

Hörmətli konfrans iştirakçıları,

Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. 
Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.
Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. 

Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. 

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrılmışdır. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. 
Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə azad edilmiş torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq işlərinə bilavasitə başçılıq edir. 

Şanlı  Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində  üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverenliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur. 
Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən rəşadətli Ordumuz mülki şəxslərə humanist davranışı ilə yeni bir sivil nümunə göstərmişdir. 
Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin-amanlığa nail olunması uğrunda təşəbbüslər irəli sürür, çalışır, mübarizə aparır. Bu mübarizənin Cənubi Qafqazda sabitlik və inkişaf üçün zəruri şəraitin yaradılmasına xidmət edəcəyinə əminik. 

Hörmətli konfrans iştirakçıları,

Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində  gerçəkləşdirərək, Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir.   

İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirdiyi kimi, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasını dəyişəcəyi gün yaxındadır.  

Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. 

Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Diqqətinizə görə sağ olun!

16-10-2023 08-10-29