Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması, ümumtəhsil məktəblərində STEAM kabinələrinin qurulması və “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulub.
İyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Qısa müddətdə 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Əlavə olaraq 50 ümumtəhsil məktəbində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi qurulur. Bugünədək 400-ə yaxın müəllim STEAM təlimlərinə cəlb edilib, 7 dərslik hazırlanaraq nəşr olunub. Tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdlərinin STEAM layihələri üzrə 7 müsabiqə keçirilib. Görülən işlərin nəticəsi olaraq muxtar respublikadan olan şagirdlər “STEAM Azərbaycan Festivalı-2021” və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə ediblər. Rəhman Məmmədov yaradılan şəraitə görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Sonra festival açıq elan edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, tələbə və şagirdlərin STEAM layihələri ilə tanış olub.
Məlumat verilib ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanırlar. Festivalda 11 kateqoriya üzrə məktəblilər arasında “Robotunu yarat”, “Lego Sumo”, “3D bacarıqlar”, “Labirint həll edən robot”, “Sənaye Robot Qoll”, “Short Movie”, “Micro: Bit Coding”, “Drone”, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında isə “Yaşıl texnologiyalar” və “Sosial texnologiyalar” müsabiqələri keçirilmişdir. Müsabiqələrdə ümumtəhsil məktəblərindən 640 şagird 204 layihə ilə, ali və orta ixtisas təhsili müəssisələrindən isə 84 tələbə 58 layihə ilə iştirak edib.
“Lego robotlar”, “Xətt izləyən” və “Hera” yanğınsöndürən robotlar, “Oxatan”, “Şəhər” və “Robomissiya” robotlarının, “Ağıllı ev”, “Ağıllı istixana”, “Ağıllı hərbi baza”, “Termobee”, “Minaaxtaran dron” layihələrinin nümayişi, 3D printerlə işlər, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının təqdim etdikləri pilotsuz uçuş aparatları layihələri maraqla qarşılanıb.
Ali Məclisin Sədri Təhsil televiziyası və radiosunun fəaliyyəti ilə də maraqlanıb, gənclərin inkişafına xidmət edən layihələrə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Festivalda qədimliklə müasirliyin sintezini nümayiş etdirmək üçün STEAM layihələri ilə yanaşı, muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən innovativ dərnəklər tərəfindən bədii tikmə, toxuculuq, ağac üzərində oyma, ağac üzərində yandırma, dulusçuluq, şüşə üzərində işləmə sənəti, keçə işləmə sənəti, bədii dəri işləmə sənəti, bujiteriya, xalça, heykəltaraşlıq, metal üzərində döymə, duz sənəti, memarlıq, ebru sənəti, rəsm və dekorativ işlər üzrə 3 minə yaxın əl işi sərgilənib.
“Sabahın tədqiqatçıları” layihəsinin icraçısı Gülxanım Orucova yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri deyib: Bu gün təhsil sahəsində yaradılan şərait dövlət müstəqilliyinin bəhrələridir. Gənclər də müstəqilliyimizin davam etdirilməsi və daha da inkişafı naminə hərtərəfli təhsil alıb özlərini mütəxəssis kimi formalaşdırmalıdırlar. XX əsr texnika, XXI əsr isə yeni texnologiyalar əsridir. Ona görə də məktəblərdə STEAM kabinələri, kompüter sinifləri, elektron lövhələr qurulur. Festivalda patent alacaq və istehsalatda tətbiq ediləcək layihələr vardı. Təhsil Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə həmin layihələri dəyərləndirərək tətbiqinə nail olmalı, muxtar respublikada STEAM kabinələrinin qurulması, aid qurumlar tərəfindən STEAM Təlim-Tədris Mərkəzi və Texnoparkın yaradılması başa çatdırılmalıdır.
Ali Məclisin Sədri təşkilatçılara təşəkkür edərək deyib: Uşaqlar ölkəmizin gələcəyidir. Müdriklərin dediyi kimi, bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər salmalısan. Gənclik də yaradılan şəraitdən səmərəli istifadə edir. Bu da imkan verəcək ki, onlar gələcəkdə hazırlıqlı və peşə sahibi gənclər kimi formalaşsınlar. Bu gün inkişaf yeni texnologiyalar üzərində qurulub. Yeni texnologiyaları bilmədən heç bir peşəni öyrənmək olmaz. Ona görə də bu işlər davam etdirilməli, mütəxəssis hazırlığı diqqətdə saxlanılmalıdır.
Festival gün ərzində davam edib, hər kateqoriyadan qaliblər müəyyənləşdirilib, ümumilikdə, 99 şagird və tələbə mükafatlandırılıb.