Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov 4-cü Tbilisi İpək Yolu Forumunun açılış mərasimində iştirak edib.
Açılış mərasimində çıxış edən Baş nazir deyib ki, dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları ilə əlaqədar yaranan çağırışlar forumun region və bütün dünya üçün əhəmiyyətini daha aydın şəkildə göstərir. Azərbaycan və Gürcüstan tarixən Avropa ilə Asiya arasında iqtisadi-ticari əlaqələrdə oynadıqları körpü rolunu bu gün də davam etdirməkdədir.
Azərbaycan və Gürcüstan 90-cı illərin sonlarında Böyük İpək Yolunun bərpa edilməsi konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olmuşlar.
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təşəbbüsünə ilk qoşulan Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadze olmuş, həmin mötəbər konfrans 1998-ci ildə 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə Bakıda keçirilmişdi.
Konfransın yekununda Avropa İttifaqının TRACECA Proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdı.
Baş nazir Azərbaycanın regional nəqliyyat dəhlizinin inkişafı üçün gördüyü işləri qeyd etdi və müsbət nəticələrin əldə olunduğunu vurğuladı.
Bildirdi ki, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11-15 günə) endirməkdir.
Bundan əlavə, bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevriləcək.
Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır.
Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Eyni zamanda Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının genişləndirilməsi də Orta Dəhlizin fəaliyyətinə töhfə verəcək.
Baş nazir Əli Əsədov Gürcüstanın da bu istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdi. Bildirdi ki, Gürcüstanda dəmir yolları müasirləşdirilir, limanlar inşa edilir və genişləndirilir, yol infrastrukturu inkişaf etdirilir.
Həmçinin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində yeni liman infrastrukturunun yaradılması məsələsi durur və Azərbaycan tərəfi bu istiqamətdə də işbirliyinə hazırdır.
Azərbaycan Xəzər dənizində ən böyük donanmaya sahibdir. Bakı Gəmiqayırma zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi və təmiri üçün sifarişləri uğurla yerinə yetirir, zavodun imkanlarının artırılması və mülki donanmanın genişləndirilməsi üzərində fəal iş aparılır.
Baş nazir Əli Əsədov əlavə edib ki, regionda yaranmış yeni reallıqlar bölgədə çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxması üçün yaxşı şərait yaradır və bütün region ölkələrinə iqtisadi və ticari dividendlər gətirəcək.
Çıxış zamanı Azərbaycan və Gürcüstanın birlikdə həyata keçirdikləri layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi, perspektivdə isə Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunan Azərbaycan qazının həcminin iki dəfə artırılacağı, eyni zamanda, Avropaya yaşıl enerji körpüsünün salınmasına başlandığı diqqətə çatdırıldı.
Baş nazir Forumun işinə uğurlar arzuladı və aparılacaq müzakirələr və qəbul ediləcək qərarların Böyük İpək Yolunun inkişafına töhfə verəcəyinə, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə regional əməkdaşlığın genişləndirilməsinə şərait yaradacağına inamını vurğuladı.