İyunun 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib, yeni avtomobil və laboratoriya avadanlıqlarının təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri sırasında heyvandarlığın inkişafı xüsusi yer tutur. Müstəqillik illərində muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 3, arı ailələrinin sayı 12, ev quşlarının sayı isə 8 dəfə artıb. Təbii ki, heyvandarlığın inkişafı baytarlıq xidmətinin də günün tələbləri səviyyəsində qurulmasını zərurətə çevirib, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası möhkəmləndirilib, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar açılıb, kəndlərdə baytarlıq məntəqələri istifadəyə verilib. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə fəaliyyəti gücləndirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından sonra isə muxtar respublikada fərdi baytarlıq xidmətinə keçid təmin olunub. Baytarlıq təbabəti ərzaq və qida təhlükəsizliyi ilə yanaşı, həm də insan sağlamlığına xidmət edir. Ona görə də bu sahədə islahatlar davamlı həyata keçirilməlidir.
Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: Dövlət Baytarlıq Xidməti muxtar respublikada baytarlıq sahəsində dövlət nəzarətini və əlaqələndirməni bundan sonra da davam etdirməli, yoluxucu və parazitar xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər görülməli, epizootik sabitlik qorunub saxlanılmalıdır. Fərdi baytarlıqla məşğul olan şəxslərlə bağlanan müqavilələr qanunvericiliyə uyğun olaraq hər il yenilənməli, onların fəaliyyəti təhlil olunmalı və diqqətdə saxlanılmalıdır. Heyvandarlıq məhsullarının istehsalında keyfiyyətə nəzarət əsas məsələdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında, heyvan mənşəli emal müəssisələrində və bazarlarda baytarlıq-sanitariya nəzarətini davam etdirməli, keyfiyyət mütəmadi yoxlanmalı, laborator müayinələr aparılmalıdır. Muxtar respublikanın ərazi imkanları mal-qaranın sayının deyil, məhsuldarlığın artırılmasını zəruri edir. Ona görə də heyvanların cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılmalı, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə süni mayalanma tədbirlərinin əhatə dairəsini genişləndirməli, Süni Mayalanma Mərkəzinin imkanlarından səmərəli istifadə olunmalıdır. Dövlət Baytarlıq Xidməti baytarlıq-sanitariya işini müasir dövrün tələblərinə uyğunlaşdırmalı, sərhəd yaşayış məntəqələrində və yaylaqlarda mövsümə uyğun dezinfeksiya işləri, diaqnostik müayinələr və peyvəndləmə aparılmalı, yaşayış məntəqələri üzrə zoobaytar və zoogigiyenik tədbirlər vaxtında həyata keçirilməli, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlər görülməlidir.
Ali Məclisin Sədri deyib: Baytarlıq təbabətində vacib məsələlərdən biri də heyvanların saxlanma şəraiti və onlara qulluq işidir. Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri mal-qaranın zootexniki qaydalara uyğun bəslənmə və saxlanılma şəraiti ilə bağlı reydlər keçirməli, fermer və ailə təsərrüfatları maarifləndirilməlidir. Dövlət Baytarlıq Xidməti muxtar respublikanın hər bir rayonu üzrə heyvanların baş sayı, müşahidə olunan xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri haqqında məlumat bankı yaratmalı, nəticələr illər üzrə təhlil olunmalıdır. Bu gün özəl baytarlıq klinikalarının yaradılması günün tələbinə çevrilmişdir. İqtisadiyyat Nazirliyi və Dövlət Baytarlıq Xidməti muxtar respublikada özəl baytarlıq klinikalarının yaradılmasını təşviq etməli və bu işlə məşğul olanlara müvafiq dəstək verilməlidir. Əsas vəzifələrdən biri də insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasıdır. Ona görə də Səhiyyə Nazirliyi və Dövlət Baytarlıq Xidməti arasında məlumat mübadiləsi aparılmalı, birgə profilaktik tədbirlər həyata keçirilməlidir.
Qeyd olunub ki, muxtar respublikada arıçılığın inkişafı bu sahədə baytarlıq nəzarəti tədbirlərini də zərurətə çevirib. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti arı xəstəliklərinin qarşısının alınması üçün tədbirlər görməli, arıçılar maarifləndirilməli, arı genefondunun mühafizəsi diqqətdə saxlanılmalıdır. Dövlət Baytarlıq Xidməti qrafik əsasında yaşayış məntəqələrində profilaktik müşahidə və yoxlamaları davam etdirməli, xüsusi təhlükəli heyvan xəstəlikləri aşkar olunduqda qoruyucu karantin zonaları müəyyənləşdirilməli, həmin ərazilərdə müvafiq baytarlıq tədbirləri görülməlidir. Eyni zamanda dərman preparatlarının keyfiyyətinə, saxlanma şəraitinə və istifadə müddətlərinə diqqət yetirilməli, tələb olunan preparat və avadanlıqların alınaraq muxtar respublikaya gətirilməsi bundan sonra da davam etdirilməlidir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi bilikləri möhkəmləndirilməli, Dövlət Baytarlıq Xidmətində praktik dərslər keçirilməli, tələbələr müqavilə ilə işə götürülməlidir. Dövlət Baytarlıq Xidmətinin Elmi-Tədqiqat Baytarlıq Mərkəzi fəaliyyətini gücləndirməli, baytarlıq sahəsindəki yenilikləri özündə əks etdirən təkliflər hazırlamalı, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə nail olunmalıdır. Bununla yanaşı, xəstəliklərlə mübarizədə ənənəvi müalicə metodlarına da üstünlük verilməli, təsərrüfat sahibləri bu barədə məlumatlandırılmalıdır. Dövlət Baytarlıq Xidmətinə təqdim olunan avtomobillərdən və laboratoriya avadanlıqlarından səmərəli istifadə olunmalı və qorunmalı, əməkdaşların peşəkarlığı artırılmalıdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti verilən tapşırıqların icrasını diqqətdə saxlamalı və aidiyyəti üzrə məlumat verməlidir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin aparatında və tabeliyində olan qurumlarda struktur dəyişikliyi aparılaraq fərdi baytarlıq xidmətinə keçid tam təmin edilərək 115 baytar həkimi ilə müqavilə bağlanmış və onlara fəaliyyətləri üçün sertifikat verilib. Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti, Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, Baytarlıq Laboratoriyası, Naxçıvan Şəhər Baytarlıq İdarəsi üçün binalar yenidən qurularaq əsaslı təmir olunub, Şərur, Sədərək, Şahbuz, Babək, Kəngərli rayon baytarlıq idarə və laboratoriyaları üçün yeni binalar tikilib, soyuducu kameralar quraşdırılıb. Hazırda Culfa Rayon Baytarlıq Şöbəsi üçün binanın tikintisi davam etdirilir. Təkcə 2021-ci ildə Şərur rayonunun Şəhriyar, Dərvişlər, Çərçiboğan, Ordubad rayonunun Nüsnüs, Vələver, Dırnıs, Aşağı Əndəmic və Yuxarı Əndəmic, Babək rayonunun Arazkənd və Göynük kənd mərkəzlərində sahə baytar məntəqələri üçün otaqlar ayrılaraq zəruri avadanlıqlarla təchiz edilib və ət satışı mağazaları istifadəyə verilib.
Qeyd olunub ki, xidmət tərəfindən mütəmadi olaraq mal-qara və ev quşları arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılıb, epizootiya əleyhinə, bioloji təhlükəsizliyin qorunması məqsədi ilə tədbirlər görülüb, Dövlət Baytarlıq Xidməti bu ilin sonunadək tələb olunan miqdarda vaksin preparatları ilə təmin olunub. 2021-ci ildə muxtar respublikada heyvandarlıq sahəsinə 1 milyon 745 min manat, bu ilin ötən dövründə isə 556 min 800 manat həcmində kredit verilib ki, bu da iri fermer təsərrüfatlarının formalaşmasına, yeni emal müəssisələrinin yaradılmasına səbəb olub. Hazırda muxtar respublikada heyvandarlıqla məşğul olan 12 sahibkar 100-1000 baş arası iribuynuzlu, 425 sahibkar 100-500 baş, 39 sahibkar isə 500 başdan yuxarı xırdabuynuzlu heyvan saxlayır. Heyvandarlıq məhsullarının artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və xəstəliklərin qarşısının alınmasında süni mayalandırmanın böyük əhəmiyyəti vardır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika üzrə süni mayalandırma yolu ilə 79 min 385 baş cins bala alınaraq sahibkarlara 4 milyon manatdan artıq subsidiya ödənilib. Həmçinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnikalar gətirilərək sahibkarlara lizinq qaydasında verilib. Bu ilin ötən dövründə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Naxçıvan Muxtar Respublikasının xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusu alması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət heyətlə birlikdə muxtar respublikanın kənd təsərrüfatlarından, ümumilikdə, 4646 baş xırdabuynuzlu heyvandan seçmə üsulu ilə alınan qan nümunələri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilmiş, xırdabuynuzlu heyvanların taunu və digər xəstəliklərin törədicilərinə rast gəlinməyib. Elşad Əliyev yaradılan şəraitə görə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Epizootiya şöbəsinin müdiri Şəmsəddin Nağıyev kollektiv adından minnətdarlıq edərək deyib: “Müstəqillik illərində Dövlət Baytarlıq Xidməti üçün hər cür şərait yaradılıb, kollektiv qayğı ilə əhatə olunub. Baytar həkimlərin və texniklərin hazırlanması, xidmətin avtomobil və avadanlıqlarla, tələb olunan miqdarda vaksin və bioloji preparatlarla təchiz olunması, mütəmadi olaraq peyvəndlənmə, dezinfeksiya işlərinin aparılması hesabınadır ki, hazırda muxtar respublikada epizootik vəziyyət sabitdir. Bütün bunlar baytarlıq sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir. Əvvəllər baytar həkimləri köhnə və şaraiti olmayan binalarda işləyirdisə, artıq müasir dövrümüzdə muxtar respublikamızın ən ucqar kəndlərində belə yeni tikilmiş, yaxşı iş şəraiti yaradılmış binalarda fəaliyyətlərini davam etdirirlər. Rayon baytarlıq idarə və şöbələri üçün yeni inzibati binaların tikilib istifadəyə verilməsi, eyni zamanda hər bir kənd mərkəzində fərdi baytarlıq xidməti ilə məşğul olan baytar həkimləri üçün otaqların ayrılması və müasir avadanlıqlarla təchiz edilməsi fəaliyyətimizi günün tələblərinə uyğun qurmağa imkan verir. Ali Məclis Sədrinin hər dəfə baytar həkimləri ilə görüşü və verilən tapşırıqlar fəaliyyət istiqamətimizə çevrilir və bizi daha yaxşı işləməyə ruhlandırır”.
Ali Məclisin Sədri muxtar respublikada epizootik vəziyyətin sabit olduğunu və insanların ərzaq məhsullarından rahatlıqla istifadə etdiyini bildirib, buna görə baytarlıq xidmətinin əməkdaşlarına təşəkkür edib.
Sonra Ali Məclisin Sədri yeni avtomobil və laboratoriya avadanlıqlarına baxıb. Məlumat verilib ki, Dövlət Baytarlıq Xidməti üçün yeni alınan 2 “DUK” dərmanlama avtomobili anbarların, tövlələrin, heyvan yataqlarının dezinfeksiya, dezinseksiya edilməsində, həmçinin heyvanların yuyulması və sanitariya işləri üçün nəzərdə tutulub. Bununla da muxtar respublika üzrə 9 “DUK” dərmanlama avtomobili olacaqdır. Yeni alınan 2 “Niva” markalı avtomobilin 1-i Culfa Rayon Baytarlıq Şöbəsinə, 1-i isə Baytarlıq Xidmətinə veriləcəkdir. Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinə verilən “Changan” markalı uyğunlaşdırılmış səyyari aptek avtomobili bitkiçilik və baytarlıqda istifadə olunan dərman preparatlarının səyyari satışını həyata keçirəcəkdir.
Digital monitorlu mikroskop görüntünü 100 dəfəyə qədər böyüdür və daha aydın görmək üçün monitora ötürür. Monitorda olan görüntünü şəkil və video formatında daxili yaddaş kartında saxlamaq imkanı vardır. Qan analizatoru qanın tərkibində olan leykosit, eritrosit, bazofil, eozinofil, trombosit və bu kimi müxtəlif biokimyəvi dəyərlərin miqdarını və həmçinin hər hansı xəstəliyə şübhə olduğunun ilkin ehtimalını verir. Sidik analizatoru vasitəsilə sidikdə olan leykosit, kreatin, bilirubin, kalsium, PH, qan və proteinin miqdarını təyin etmək olur.
Laborant Şəhanə Əliyeva minnətdarlıq edərək deyib: “2011-ci ildə Naxçıvan Dövlət Texniki Kollecinə daxil olmuşam. 2015-ci ildə kolleci bitirmişəm və Ali Məclis Sədrinin gənclərə olan diqqət və qayğısı sayəsində həmin ildə işlə təmin olunmuşam. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə müasir inkişafın şahidi oluruq. Biz də yaradılan şəraitdən səmərəli istifadə edərək, bundan sonra da əhalinin sağlamlığının keşiyində duracağıq”.
Böyük laborant Səkinə Quliyeva deyib: “Bundan öncə də laborator avadanlıqlarımız var idi. Lakin bu dərəcə müasir deyildi. Belə avadanlıqlarla təmin olunmağımız işimizi daha da asanlaşdıracaq və səmərəliliyi daha da artıracaq. Bu sahəyə göstərilən diqqət və qayğı bizi daha da ruhlandırır. Muxtar respublikada gənc ixtisaslı kadrlar işlə təmin olunur. Mən də Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi olaraq 2018-ci ildən Baytarlıq laboratoriyasında fəaliyyətə başlamışam. Bu müddətdə çalışmışam ki, avadanlıqlardan səmərəli istifadə edərək müayinələri daha əlçatan şəkildə təşkil edim. Yaradılan şəraitə görə minnətdarlıq edir, etimadı doğruldacağımıza söz veririk”.
Ali Məclisin Sədri baytarlıq xidməti sahəsində fəaliyyətin təşkili və avadanlıqlardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.