“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı 8.9.8-ci bəndinin icrasını təmin etmək məqsədilə dövlət qulluqçularının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi ilə bağlı noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Naxçıvana səfər etmişdir.
Səfər çərçivəsində Biznes mərkəzində U.Ələkbərov tərəfindən “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Aparat rəhbəri Aləm Bağırov dövlət qulluqçularının peşəkar inkişafının əhəmiyyətini vurğulamış, seminarın təşkilinə görə U.Ələkbərova təşəkkürünü bildirmişdir.
U.Ələkbərov təqdimatla çıxış etmiş, ölkəmizin uğurlarından danışmış, Dünya Bankının reytinq cədvəllərini əyani şəkildə göstərərək dövlət başçısının idarəçilik keyfiyyətlərinin bu uğurlarda böyük rolu olduğunu bildirmişdir.
Seminarda 42 dövlət orqanı üzrə ümumilikdə 150-dən artıq dövlət qulluqçusu iştirak etmişdir.