Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulandı.
Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olundu.
İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə olundu, ötən il ticarət dövriyyəsinin həcminin 28% artdığı vurğulandı.
Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdilər.
Görüş zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparıldığı vurğulanaraq, Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu qeyd olundu.
Tərəflər enerji təhlükəsizliyini bu gün qlobal gündəlikdə duran aktual məsələlərdən biri kimi qiymətləndirdilər. Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirildi.
Xorvatiyanın təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi istiqamətində səyləri vurğulanaraq, bu baxımdan TAP layihəsinin davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti qeyd olundu.
Görüşdə həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edildi.