8 Noyabr – Zəfər Günü milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda güclü müdafiə sənayesinin qurulması, silahlı qüvvələrin hərbi hazırlıq potensialının artırılması ilə bağlı görülən işlər öz bəhrəsini verdi. 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycanın bütün siyasi təziq və təhdidlərə sinə gərməsi dövlət başçısının beynəlxalq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir.
Noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. 30 illik həsrətimizə son qoyuldu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir. Bu böyük Qələbəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi eləcə də Müzəffər Ordumuzun böyük inamı sayəsində əldə etmişik.
Qürurverici haldır ki, artıq Qarabağımızın hər qarışı dirçəlir, yenidən doğulur, müasir görünüşü ilə öz övladlarını qoynuna alır, adət-ənənələrimiz, tariximiz, genetik yaddaşımız bərpa olunur. Müstəqilliyimizin, suvernliyimizin, ərazi bütövlüyümüzün rəmzi sayılan üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Laçında, Xankəndində, Xocalıda ucalır.
Məlum olduğu kimi 8 noyabr-Zəfər Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov və Nazirlər Kabinetinin kollektivi Zəfər Parkını ziyarət etmiş, bütün dövrlərdəki şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.