13-14 noyabr tarixlərində Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi ilə əlaqədar növbəti plenar iclas keçirilib.
Plenar iclasda Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov iştirak edib. Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı məlumat verən Baş nazir bildirib ki, 2024-cü ildə muxtar respublika büdcəsinin gəlirləri 173,1 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 20,9 milyon manat və ya 13,7 faiz çoxdur. 2024-cü il üçün muxtar respublika büdcəsində proqnozlaşdırılan dotasiyanın məbləği 343,3 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü il üçün muxtar respublika büdcəsində təsdiq olunmuş dotasiya məbləğindən 109,5 milyon manat və ya 24,2 faiz azdır. gəlirlərinin tərkibində əsas payı 30,4 faizlə əlavə dəyər vergisi, 24,6 faizlə fiziki şəxslərin gəlir vergisi, 29,1 faizlə aksiz vergisi və 15,9 faizlə isə digər vergilər üzrə daxilolmalar və rüsumların təşkil edəcəyi proqnozlaşdırılıb. Həmçinin qeyd edilib ki, 2023-cü ildə muxtar respublika büdcəsinin xərcləri 605 milyon manat məbləğində təsdiq olunmuşdur. 2024-cü il də isə Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 516,4 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2023-cü ilin büdcəsi ilə müqayisədə 88,6 milyon manat və ya 14,7 faiz azdır.
Səbuhi Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti növbəti dövrlərdə də büdcə gəlirlərinin maksimum səviyyədə artırılması hesabına mərkəzi büdcədən muxtar respublikaya ayrılan dotasiyanın həcminin azaldılması üçün ciddi işlər aparmaqla müvafiq tədbirlər həyata keçirəcəkdir.