Noyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankverti qəbul edib.
Görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişafı, xüsusən iqtisadi-ticari əməkdaşlığın genişlənməsi qeyd olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla vurğulanıb.
Qeyd olunub ki, ötən dövr ticarət axını üzərində effektiv nəzarət sisteminin qurulması üzrə bir sıra ciddi vəzifələrin konstruktiv həlli ilə əlamətdar olub ki, bu da qarşılıqlı ticarətin inkişafına kömək edib.
Cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcminin 20 faizdən çox artması müsbət qiymətləndirilib.
Məmnunluqla qeyd edilib ki, 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları və onların emalı məhsullarının ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 15 faizdən çox artıb.
Qarşılıqlı tədarük zamanı nəzarət proseslərinin optimallaşdırılması üzrə birgə addımlar müsbət qiymətləndirilib.
Xüsusilə, tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalına girişdə nəzarət prosedurlarının sadələşdirilməsi haqqında razılaşmanı alqışlayıblar.
Bu, ötən illərlə müqayisədə cari ildə Rusiyaya ixrac edilən məhsullarda aşkar edilən zərərvericilərin sayının xeyli azalmasına gətirib çıxaran birgə tədbirlər sayəsində mümkün olub.
Tərəflər hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə ediblər.
Görüş əsnasında, həmçinin heyvanlarda transsərhəd xəstəlikləri ilə mübarizə və onların profilaktikası üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu gün Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” arasında heyvanlarda transsərhəd xəstəlikləri ilə mübarizə üzrə birgə tədbirlərə dair Protokolun imzalanmasının əhəmiyyəti qeyd olunub.
Görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.