İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib, 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçiyə mənzillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə tədbirə hazırlıq barədə raport verib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlayıb, 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Güclü ordu dövlətçiliyin dayağı, xalqın təhlükəsizliyinin və ölkənin ərazi bütövlüyünün təminatıdır. Ümummilli liderimiz Heydər Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq deyirdi ki, “Ordu yaratmaq, onu torpaqlarımızı müdafiə edə bilən qüdrətli orduya çevirmək bizim müqəddəs borcumuzdur”. Ulu öndər Sovetlər Birliyi dövründə hərbi kadr hazırlığının, 1990-1993-cü illərdə Naxçıvanda ilk milli ordu qurumunun və sərhəd dəstəsinin əsasını qoymaqla, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Silahlı Qüvvələrini formalaşdırmaqla bu müqəddəs vəzifəyə nail olmuş, dövlətçiliyimiz və müstəqilliyimiz qorunub saxlanılıb. Ölkə Prezidenti cənab İlham Əliyev də ulu öndərin yolunu uğurla davam etdirərək ordumuzun qüdrətini daha da artırıb, torpaqlarımız işğaldan azad edilib, böyük tarixi Qələbə qazanılıb.
Ali Məclisin Sədri deyib: Ümummilli liderin ordu quruculuğu strategiyasının bəhrəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi təmin edilib. Müstəqillik illərində muxtar respublikada motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Ordusuna, sərhəd dəstəsindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına qədər böyük yol keçilib, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılıb, Silahlı Qüvvələrin bütün qoşun növləri üzrə xidməti döyüş fəaliyyəti günün tələblərinə uyğun qurulub. Bununla yanaşı, muxtar respublikada hərbi infrastruktur da müasirləşdirilib, 300-dən artıq hərbi təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Sözsüz ki, bu illər ərzində ordu quruculuğu sahəsində qazanılan ən böyük nailiyyət hərbi qulluqçuların döyüş hazırlığının artırılması, qarşıya qoyulan vəzifə və tapşırıqları yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirən şəxsi heyətin formalaşdırılması olub. Vətən müharibəsində Naxçıvandan olan hərbçilərin göstərdikləri hərbi şücaət bunu bir daha təsdiq etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.
“Naxçıvanda hərbçi ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da ordu quruculuğu tədbirləri sırasında xüsusi yer tutur”,- deyən Ali Məclisin Sədri bildirib ki, hər il yeni yaşayış kompleksləri tikilir, 20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin olunurlar. İstifadəyə verilən yeni xidməti yaşayış binası da bu sahədə görülən işlərin davamıdır. Bu gün qalib ölkə kimi Silahlı Qüvvələr Gününü qeyd edirik. Bunun bir səbəbi qüdrətli ordu və güclü iqtisadiyyata malik olmağımızdırsa, ən başlıca səbəb isə ölkə Prezidenti tərəfindən ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsidir.
Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev yeni xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə şəxsi heyət adından minnətdarlıq edərək deyib ki, bu gün ölkəmizdə bütün sahələrlə yanaşı, ordu quruculuğuna da xüsusi diqqət yetirilir. Şəxsi heyətin döyüş hazırlığı artırılır, xidmət və yaşayış şəraiti yaxşılaşdırılır. İstifadəyə verilən yeni yaşayış binasında da zabit-gizir ailələri üçün hərtərəfli şərait yaradılıb. Ordu quruculuğu istiqamətində aparılan islahatlar nəticəsində muxtar respublikada yüksək dağ şəraitində yerləşən hissə və bölmələrdə də xidmət şəraiti yüksəldilib. Artıq ən çətin dağlıq mövqelərdə belə, hərbi qulluqçular üçün hərtərəfli məişət şəraiti yaradılıb. Şəxsi heyət göstərilən diqqət və qayğının, yaradılan şəraitin müqabilində bundan sonra da nümunəvi xidmət edərək etimadı doğruldacaqdır.
Hərbçi ailələri adından minnətdarlıq edən Səlimə İbrahimova deyib: “Uzun illər Naxçıvanda xidmət edən hərbçi ailəsi olaraq biz Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanın necə çətin şəraitdən bugünkü günə gəlməsinin şahidi olmuşuq. Hərbi qulluqçuların, onların ailələrinin sosial-məişət problemləri daim diqqətdə saxlanılır. Görülən işlərin davamı kimi, bu gün tam təchizatlı, yüksək yaşayış şəraiti olan mənzillər istifadəmizə verilir”.
Sonra 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 26 iyun-Silahlı Qüvvələr Günü ərəfəsində 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçi mənzillə təmin olunur.
Ali Məclisin Sədri polkovnik Yusif Axundova, ehtiyatda olan polkovnik-leytenant Fərman Rəhimova, polkovnik-leytenant Hikmət Gəncəliyevə, baş gizir Əkrəm Məmmədova, gizir Rauf Bağırova, istefada olan baş gizir Şahlar Kazımova və gizir Fərad Məmmədova mənzillərin orderlərini təqdim edib.
Hərbçilərə təqdim olunan təmirli mənzillər Naxçıvan, Şərur, Babək və Şahbuz şəhərlərində yerləşir.
Sonra Ali Məclisin Sədri hərbçi uşaqlarına hədiyyələr vermiş, binada yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, 44 mənzilli yaşayış binası 6 mərtəbədən və 3 girişdən ibarətdir. İki, üç və dördotaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılıb, fərdi istilik sistemi qurulub. Mənzillər mebel dəstləri və məişət əşyaları ilə tam təmin olunub. Binada hərbçi ailələrinin rahatlığı nəzərə alınmış, birinci mərtəbədə mağaza, ərzaq anbarları, kiçik və böyük tədbir zalları, yeməkxana, qarderob, gözəllik salonu və digər xidmət sahələri istifadəyə verilib. Binanın həyətində uşaq oyun meydançası yaradılıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, istirahət köşkü istifadəyə verilib, oturacaqlar qoyulub. Həmçinin bildirilib ki, hərbi hissədə abadlıq və quruculuq işləri davam etdirilir, əsgər yataqxanaları əsaslı təmir olunur, silah və texnikaların saxlanc imkanları artırılır.
Bina ilə tanışlıqdan sonra hərbçi ailələri ilə görüşən Ali Məclisin Sədri deyib: Yaşayış binasında ailələrin rahat yaşayışı üçün lazım olan hər cür şərait yaradılıb. Hərbi xidmət o zaman uğurlu olur ki, hərbi qulluqçuların həm xidmət şəraiti, həm də ailəsinin rahat yaşayışı təmin edilir. Bu gün muxtar respublikada yerləşən hərbi hissələrdə həm şəxsi heyətin xidmətini uğurla davam etdirməsi, həm də onların ailələrinin rahat yaşayışı üçün hərtərəfli imkanlar vardır. Silahlı Qüvvələr Günü ərəfəsində yeni yaşayış binasının istifadəyə verilməsi, eyni zamanda ölkəmizdəki dövlət-xalq-ordu birliyinin nümunəsidir.
Ali Məclisin Sədri xalq-ordu birliyinin nümunəsi kimi hərbi hissələrə istehsal etdikləri məhsullardan sovqat aparan, ordu ilə həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə təşəkkürünü bildirərək deyib: Bu birlik ordunun qüdrətini daha da artırır, ordu quruculuğu tədbirlərinin uğurla aparılmasına imkan verir. Ordunun möhkəmlənməsi isə müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Əlamətdar gündə xidməti yaşayış binasının istifadəyə verilməsi, qüsursuz xidmət edən hərbçilərə mənzillərin təqdim olunması dövlətimizin orduya olan diqqətinin göstəricisidir.
Mənzillə təmin olunan zabit Rüstəm Əliyev deyib: “Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə malikdir. Zabit-gizir ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin orduya, hərbi qulluqçulara və onların ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, dövlət-xalq-ordu birliyinin təzahürüdür. Yüksək dağlıq şəraitində xidmət etməyimizə baxmayaraq, bizim üçün hər bir şərait yaradılıb. Batabat və Şada tabor mərkəzlərində, Aşağı Buzqov və Gərməçataq bölük mərkəzlərində müasir tələblərə cavab verən əsgəri yataqxanalar inşa edilib. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən mövqelərimiz elektrik aqreqatları, günəş paneli və mavi yanacaqla təmin olunub. Bütün bunlar hərbi qulluqçuların rahat xidmət aparması üçün yaradılan şəraitdir. Ali Məclis Sədrinin Naxçıvan diyarının müdafiəçiləri ilə tez-tez görüşü bizdə ruh yüksəkliyi yaratmaqla bərabər, üzərimizə böyük məsuliyyət qoyur”.
Rüstəm Əliyev göstərilən diqqət və qayğıya görə hərbi qulluqçular adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmiş, bundan sonra da etimadı doğruldacaqlarına, verilən bütün əmr və tapşırıqları yerinə yetirməyə hazır olacaqlarına söz verib.