Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxış edib

Hörmətli xanım sədr! Hörmətli deputatlar!

 

Hər birinizi salamlayıram. 

 

Artıq bir müddətdir ki, Milli Məclisin müxtəlif komitələrində büdcə müzakirələri çox fəal şəkildə aparılır.

Həmçinin Milli Məclisin plenar iclaslarında 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin iki oxunuşda müzakirələri baş tutub və layihələr qəbul edilib.

Hörmətli Sahibə xanım başda olmaqla Milli Məclisin rəhbərliyinə öz adımdan və Hökumət üzvləri adından təşəkkürümü ifadə edirəm ki, büdcə müzakirələri bu cür yüksək səviyyədə təşkil olunub.

Deputatlar da istər plenar, istərsə də komitə iclaslarında bu müzakirələrdə çox fəal iştirak ediblər və cəmiyyətimizi narahat edən məsələləri qaldırıblar ki, bununla bağlı suallar aidiyyəti qurumların rəhbərləri tərəfindən cavablandırılmışdır.

Bununla yanaşı ötən il büdcə müzakirələri zamanı hörmətli millət vəkillərinin qaldırdıqları bir çox məsələlər bu il ərzində öz həllini tapmışdır.

 

Hörmətli deputatlar!

Müstəqilliyin bərpa olunmasından sonra Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olmuşdur.

Məlum olduğu kimi, cari ildə biz möhtərəm cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik.

Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini ardıcıllıqla və uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı.

Ötən 20 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib.

Təbii ki, əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da şanlı Ordumuz tərəfindən mükəmməl şəkildə keçirilən bir günlük antiterror tədbirləri nəticəsində isə Qarabağda suverenliyimiz tam təmin edildi, torpaqlarımızda separatizmin kökü tamamilə və əbədi kəsildi.

Cənab Prezidentin Ali dövləti fəaliyyətinin 20-ci ildönümünün Ümummilli Liderimizin anadan olmasının 100 illik yubileyinə – “Heydər Əliyev İli”nə təsadüf etməsi də olduqca əlamətdardır. 

Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi Heydər Əliyev dühasının bəhrəsidir.

Təməli Ulu Öndər tərəfindən qoyulmuş xarici və daxili siyasət kursu bu gün möhtərəm cənab Prezident tərəfindən müasir dünyanın çağırış və tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Prezident İlham Əliyev güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib.

 

Hörmətli millət vəkilləri! 

2024-cü il və ortamüddətli dövr üçün büdcə siyasətinin konfiqurasiyası aşağıdakı əsas çağırışlar və hədəflər nəzərə alınmaqla müəyyən edilmişdir:

1. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icrası;

2. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsi;

3. Ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi;

4. Əhalinin sosial müdafiəsi və sosial təminatı;

5. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası;

6. Ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi;

7. Ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasəti;

8. Makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin edilməsi.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaradılmışdır.

2024-2027-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə əsaslanaraq hazırlanmışdır.

Post-pandemiya dövründən sonra milli iqtisadiyyatın artım tempi bərpa olunsa da, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, geosiyasi vəziyyət, beynəlxalq maliyyə mühitində sərtləşmələr ölkə iqtisadiyyatı qarşısında yeni çağırışlar formalaşdırır.

2024-cü ilin dövlət büdcəsi tərtib olunarkən hazırkı reallıqlar, problem və çətinliklər, habelə ən aktual qlobal çağırışlar nəzərə alınmışdır.

Cari ilin ötən dövründə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik qorunmuş, qeyri neft-qaz sektoru hesabına iqtisadi artım təmin edilmiş, inflyasiya tempi azalmış, tədiyə balansında profisit olmuşdur.

Hazırda strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dolları təşkil edir (Ümumi Daxili Məhsulun 97 faizinə bərabərdir).

 2024-cü ilin makroiqtisadi çərçivəsi də ölkə iqtisadiyyatının real artımı, məqbul inflyasiya səviyyəsi və profisitli tədiyə balansı ilə proqnozlaşdırılır.

Büdcədə neftin qiyməti 60 ABŞ dolları müəyyən edilmişdir.

Bildirmək istərdim ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qoyulmuş hədəflərin, Böyük Qayıdışa dair I Dövlət Proqramının və hərbi xərclərin maliyyə öhdəliyi büdcə xərclərinin miqyasına əhəmiyyətli təsir edir.

Əgər dövlət büdcəsi xərclərinin ÜDM-də payı 2017-ci ildə 25% idisə, 2024-cü ildə 31%-ə yüksəlmiş və xərclərin həcmi 2 dəfədən çox artmışdır.

 

2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat artmışdır.

2024-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75%-i keçmişdir. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artmışdır.

Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat artmışdır.

Dövlət büdcəsi kəsirinin ÜDM-də payı 2,2 faiz proqnozlaşdırılır.

Bütövlükdə isə 2024-cü il üçün icmal büdcənin gəlirləri 38 milyard 997 milyon manat, icmal büdcənin xərcləri 42 milyard 376 milyon manat proqnozlaşdırılır.

Makroiqtisadi çərçivə proqnozlaşdırılan zaman Strategiyada ortamüddətli dövrdə iqtisadi artımla bağlı müəyyənləşdirilmiş hədəflər nəzərə alınmışdır. 

Belə ki, iqtisadi artımın proqnozlaşdırılan orta illik tempi 2,9%, həmçinin qeyri-neft sektoru üzrə 4,8% nəzərdə tutulmuşdur. 

 

Hörmətli millət vəkilləri!

Müsbət makroiqtisadi göstəricilərdən biri inflyasiya tempinin azalmasıdır.

Hökumətin Antiinflyasiya tədbirləri, dünya ərzaq bazarlarında qiymətlərin enməsi, tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi inflyasiya idxalına və bununla da inflyasiya səviyyəsinə azaldıcı təsir göstərmişdir.

2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə olacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin ilkin rəqəmlərinə görə, artıq 2023-cü ilin 11 ayında orta illik inflyasiya birrəqəmli 9,4% olmuş, illik inflyasiya 2,6% təşkil etmişdir.

Eyni zamanda Nazirlər Kabinetində “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülür.

Ümumilikdə, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər davam etdiriləcəkdir.

 

Hörmətli millət vəkilləri!

Hər il olduğu kimi 2024-cü ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır.

Təsadüfi deyil ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 43%-i, büdcənin cari xərclərinin isə 70 faizi məhz sosialyönlü xərclərdir (15,8 mlrd. manat).

2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 6 milyard manat və ya 1,6 dəfə artmışdır.

Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunmuş, bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilmişdir.

Əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin effektivliyinin artırılması və xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nı Prezident təsdiq etmişdir. 

 

Hörmətli deputatlar,

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası istiqamətində mühüm işlər görülmüşdür.

Möhtərəm Prezident İlham Əliyev Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə möhtəşəm bərpa-quruculuq işlərinə bilavasitə başçılıq edir.

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılmışdır. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulmuşdur.

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilmişdir, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulmuşdur.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunmuşdur. Və cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir.

Xüsusi qeyd etmək istərdim ki, Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulmuşdur. 

Hər il olduğu kimi gələn il də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması əsas xərc istiqamətlərindən biri olacaqdır.

Müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulmuşdur. Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur.

 

Hörmətli deputatlar!

Növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsait proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2 faiz çoxdur.

Ölkə Prezidentinin davamlı diqqət və qayğısı, həyata keçirilən proqramlar və Heydər Əliyev Fondunun dəstəyi ilə son 20 il ərzində 3600-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir.

 Nəticədə yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil etmişdir.

Son 3 ildə 275 məktəbin tikintisi və ya əsaslı təmiri nəticəsində ölkəmizdə qəzalı məktəblərin sayı 30% azalıb. 

 

Strategiyada “Təhsil” bölməsinin 9 fəaliyyət istiqaməti üzrə 17 tədbirin 2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 247 milyon manat və ya 32% çox vəsait nəzərdə tutulmuşdur. Bu tədbirlər təhsilin bütün istiqamətlərini əhatə edir.

 

Onu da qeyd edim ki, bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir.

 

Son 5 ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 50%-ə yaxın artmışdır.

Peşə təhsili sistemində təhsil alanların 89%-i dövlət sifarişi əsasında təhsil alır. Əmək bazarının tələblərinə uyğun 74 yeni peşə təhsili proqramı hazırlanmış, 95 yeni ixtisas əlavə edilmişdir.

Hazırda 4-cü Sənaye İnqilabı dövründə süni intellekt, yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün dünyada, həmçinin Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır.

Ölkəmizdə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə zəruri dəstək artırılacaqdır.

 

Hörmətli deputatlar,

Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi cənab Prezident tərəfindən Hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 

2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur. 

Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir. 

 

Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaqdır.

 

Eyni zamanda Prezidentin ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzalanmış Fərmanları su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə imkan verəcəkdir.

Cənab Prezident tərəfindən müəyyən olunmuş bir sıra ən vacib prioritet sahələr, o cümlədən, enerji sektoru, nəqliyyat sektoru və tranzit potensialının artırılması, özünüməşğulluq və sosial müdafiənin gücləndirilməsi, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, su təchizatı üzrə layihələrin maliyyələşdirilməsi üçün xarici borcun cəlb edilməsi nəzərdə tutulur.

Son dövrlər regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi logistik zəncirlərin qırılması ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin aktuallığını artırmışdır.

Bu baxımdan Orta Dəhliz mühüm əhəmiyyət kəsb edir. Bu dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirir. 

Bu isə ölkəmizin Asiya və Avropa üçün strateji tərəfdaş kimi əhəmiyyətini artırır və iqtisadiyyatımızda əlavə dəyərin yaranmasına töhfə verir. 

Bütün bunları nəzərə alaraq, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilib. 

 

Hörmətli millət vəkillərinin əksəriyyəti təbii olaraq təmsil etdikləri regionlarda infrastruktur, kommunal, enerji, su, qazlaşma və digər sosial xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, məktəblərin və yolların təmiri və bu qəbildən olan məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edirlər.

Bu məsələlərin əksəriyyətinin vaxtında həll edilməsi üçün Hökumət tərəfindən Strategiyada nəzərdə tutulan tədbirlər üzrə gündəlik və ardıcıl işlər görülür və görüləcəkdir.

2024-cü il dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitin 890,4 milyon manatı sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına 249 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Millət vəkilləri və Hesablama Palatası tərəfindən nəticəəsaslı büdcə mexanizminə keçidin sürətləndirilməsi, büdcə planlaması, publik hüquqi şəxslər, xərclərə nəzarət, özəl investisiyalar və büdcə dayanıqlığı ilə bağlı təkliflər və qeydlər edilmişdir.

Dövlət investisiyalarının tədricən özəl investisiyalarla əvəzlənməsi istiqamətində bəzi qərarlar qəbul olunmuş və artıq zəruri tədbirlər görülməkdədir.

Belə ki, cənab Prezidentin 2023-cü il 31 avqust tarixində dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı imzalanmış Sərəncamı dövlət müəssisələrində dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsini nəzərdə tutur.

Büdcə təşkilatlarında nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük sahəsində vergi yükünün azaldılması, vergi nəzarəti və kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi, eləcə də həm büdcə gəlirlərinin toplanması, həm də xərclənməsi istiqamətində hər bir vəsaitə qənaətlə yanaşılması, gəlir və xərclərin ahəngdarlığı təmin ediləcəkdir.

Ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması və Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılması təmin olunacaqdır.

Büdcə xərclərinin effektivliyinin qiymətləndirilməsi, büdcə vəsaitlərindən təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı islahatlar davam etdiriləcəkdir.

Ortamüddətli dövrdə makro-fiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin tədricən azaldılaraq tənzimlənməsi nəzərdə tutulur. Bu da inflyasiyaya azaldıcı təsir göstərən faktorlardan biridir.

Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına) yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirləri gücləndiriləcək və ciddi tədbirlər görüləcəkdir.

Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcəkdir. 

 

Hörmətli millət vəkilləri,

Büdcə müzakirələri zamanı qaldırılan bütün məsələlər Hökumət və aidiyyəti qurumlar tərəfindən diqqətə alınacaq, qeyd edilən problemlərin həlli istiqamətində mümkün olan bütün zəruri tədbirlər görüləcəkdir.

Çıxışımın sonunda bir daha aparılan işgüzar müzakirələrə, verilən dəyərli təklif və tövsiyələrə görə, hörmətli xanım Sədr Sizə və bütün deputatlara minnətdarlığımı bildirirəm.

Hökumət adından bir daha bildirmək istəyirəm ki, möhtərəm cənab Prezidentin müəyyən etdiyi hədəflərə çatmaq üçün Hökumət qarşısında qoyduğu bütün tapşırıq və vəzifələrin vaxtında, bütövlüklə və yüksək keyfiyyətlə icrasını təmin etmək üçün bundan sonra da var gücümüzlə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm!

05-12-2023 18-12-55