Baş Nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib

Dekabrın 18-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iştirak edib.
İclasdan öncə Ə.Əsədov və digər nümayəndə heyətlərinin rəhbərləri “Rusiya” beynəlxalq sərgi-forumuna baxış keçiriblər.

İclasda Azərbaycanın Baş naziri çıxış edib:

- Hörmətli Mixail Vladimiroviç!
- Hörmətli iclas iştirakçıları!

İlk növbədə, göstərilən qonaqpərvərliyə və bugünkü iclasın yüksək səviyyədə təşkilinə görə Rusiya Federasiyası Hökumətinin sədri, hörmətli Mixail Vladimiroviç Mişustinə xüsusi təşəkkürümü bildirmək istəyirəm.   
2024-cü ildə MDB-yə sədrliyin həyata keçirilməsində Rusiya Federasiyasına uğurlar arzulamaq istəyirəm. 

Həmçinin cari ildə uğurlu sədrliyinə görə Qırğız Respublikasını təbrik edirəm. 
Fürsətdən istifadə edərək, bu gün doğum gününü qeyd edən hörmətli həmkarımız, Qazaxıstan Respublikasının Baş naziri Alixan Asxanoviç Smailova səmimi təbriklərimi çatdırır və ona möhkəm cansağlığı, rifah və dövlətçilik fəaliyyətində uğurlar arzulayıram.  

Hörmətli iclas iştirakçıları!

Şübhəsiz ki, MDB iştirakçı dövlətlər arasında bir çox sahələrdə mühüm dialoq və qarşılıqlı fəaliyyət platformasıdır.     
Azərbaycan MDB formatında uğurlu qarşılıqlı fəaliyyətin zəmanəti olan ikitərəfli əlaqələrin bundan sonra da genişləndirilməsi və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir. 
Hökumətlərarası səviyyədə müntəzəm təmaslar ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar dialoq aparmağa, həmçinin müxtəlif çağırışlara və risklərlə vaxtında cavab verməyə imkan verir.    

Bugünkü iclas qarşılıqlı maraq doğuran məsələlər üzrə bir daha fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.    
Sevindirici haldır ki, bu gün bizim gündəliyimiz mədəniyyət mövzusuna həsr olunub. Ölkələrimiz mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət üçün  böyük potensiala malikdir.  
Hər il MDB çərçivəsində mədəniyyət paytaxtlarının və tematik humanitar illərin elan edilməsi Birlik ölkələrinin humanitar qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə öz töhfəsini verir. 
Fürsətdən istifadə edərək, cari ildə Mədəniyyət paytaxtı statusunda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin MDB ölkələrinin mədəniyyətlərarası dialoqunun inkişafına verdiyi töhfəni xüsusi qeyd etmək istəyirəm.  

Həmçinin Səmərqənd şəhərinin 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilməsi münasibəti ilə Özbəkistan Respublikasını təbrik edirəm.  
Azərbaycan MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir. 
Ölkəmizdə müntəzəm olaraq bu sahədə incəsənət, mədəniyyət, elm, təhsil xadimlərini bir araya gətirən müxtəlif tədbirlər keçirilir.  

Azərbaycan artıq bu cür tədbirlərin keçirilməsinin ənənəvi məkanına çevrilib.  
Əlbəttə, bütün bunlar coğrafi, tarixi və mədəni köklərə, Azərbaycan xalqına xas olan çoxəsrlik multikulturalizm ənənələrinə əsaslanır.  
Azərbaycan Respublikası çoxmillətli və çoxkonfessiyalı dövlətdir. 

Bütün millətlərin və dinlərin nümayəndələri əsrlərdir ki, ölkəmizdə sülh, anlaşma və dostluq şəraitində yaşayırlar. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, onların hamısı bizim bərabərhüquqlu vətəndaşlarımızdır. 
Biz, bu gün, bu faktı bu yüksək kürsüdən bir daha bəyan edirik.  
Ölkəmiz çoxsaylı beynəlxalq platformalar vasitəsilə millətlərarası dialoqu fəal şəkildə təşviq edir.

İdman sahəsində qarşılıqlı fəaliyyət də humanitar əlaqələrin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir. İdman yarışları sırf idman xarakteri daşısalar da, eyni zamanda, millətlərarası dialoqun möhkəmləndirilməsinə və xalqlar arasında etimad və qarşılıqlı anlaşma ab-havasının yaradılmasına xidmət edir. Biz 2025-ci ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə keçiriləcək III MDB ölkələri Oyunlarına məhz bu prizmadan baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə də MDB çərçivəsində humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə və inkişafına kömək edəcək.         

Hörmətli həmkarlar!

İqtisadi-ticari sahə ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycan Birlik çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir. Keçən il Azərbaycanın Birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb.  
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin prioritet layihələr olacağı nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. 

Azərbaycan MDB üzrə bir çox tərəfdaşlarımızın fəal istifadə etdikləri nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsini davam etdirir. Biz, həmçinin yuxarıda göstərilən dəhlizlərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün Birlik çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk.   

Hörmətli iclas iştirakçıları!

Fürsətdən istifadə edərək, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi səylərinin davam etdirilməsi üzrə möhkəm qətiyyətini  bir daha ifadə etmək istəyirəm.  
Bu yaxınlarda alınan müsbət siqnalları nəzərə alaraq, bu istiqamətdə konstruktiv dialoqun davam etdirilməsini son dərəcə mühüm hesab edirik.  
Yaranmış tarixi fürsətdən rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcək, regionumuzda bütün insanlara dinc və təhlükəsiz birgəyaşayış ümidləri bəxş edəcək.   

Bu nikbin notda iclasın bütün iştirakçılarına məhsuldar iş arzulamaq və qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək istərdim. 
Yüksək qonaqpərvərliyə və iclasın çox gözəl təşkilinə görə hörmətli Mixail Vladimiroviçə bir daha təşəkkürümü bildirirəm. 

Diqqətinizə görə sağ olun!

İclasın yekununda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin hökumət başçılarının mədəni-humanitar əməkdaşlığın perspektivlərinə dair Bəyanatı imzalanıb.

18-12-2023 16-12-29