Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Nazirlər Kabinetinin 2022-ci il 1 iyul tarixli Qərarı ilə “Naxçıvan Gənclik Mərkəzi”nin fəaliyyətinin təşkilinə dair Qaydalar” təsdiq edilib. Həmin Qaydalara əsasən mərkəzin binası və ərazisində kinoların nümayişi, kinofestivallar, sərgilər, konsert proqramları, bayram tədbirləri, idman yarışları və digər mədəni-kütləvi tədbirlər həyata keçirilir. Mərkəz, həmçinin gənclərin asudə vaxtının və əhalinin istirahətinin təmin edilməsi, eləcə də turistlərin cəlbi məqsədilə müxtəlif əyləncə tədbirləri təşkil edir, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fizikişəxslərlə müqavilələr bağlayır və qarşılıqlı faydalı əməkdaşlıq edir.

Eyni zamanda Nazirlər Kabinetinin 2022-ci il 6 iyul tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda dəyişiklik edilib. Bundan əvvəlki Qaydaya əsasən özünüməşğulluğun təşkili yalnız işsiz vətəndaşlar üçün nəzərdə tutulurdusa, hazırda işaxtaran kimi mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan digər məşğulluğu olmayan vətəndaşlar da bundan yararlana bilər.

Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiq edilib. Adıçəkilən Qərara əsasən 73 növdə yem və yem əlavələrinin satışı əlavə dəyər vergisindən azad olunub.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edilib.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

18-07-2022 13-07-41