Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində yanvar ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmiş, sərəncamlar imzalanmışdır.Qeyd edək ki,“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 8 yanvar 2024-cü il tarixində Sərəncam imzalanmışdır. Sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə təsdiq edilmiş muxtar respublika büdcəsinin gəlirləri və xərcləri üzrə göstəricilərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görməli və hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq bu barədə Nazirlər Kabinetinə məlumat təqdim etməlidirlər.
“Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 7 yanvar 2024-cü il tarixində Sərəncam imzalanmışdır. Həmin Sərəncama əsasən mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq , Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etmələri və icra vəziyyəti tələb etdikdə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılmışdır.
“Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarında dəyişiklik edilərək Səhiyyə Nazirliyi Kollegiyasının 7 nəfərdən ibarət üzvləri təsdiq edilmişdir.
Nazirlər Kabineti tərəfindən 11 yanvar 2024-cü il tarixli Sərəncamla Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı və Təşkilat Komitəsinin tərkibi təsdiqlənmişdir.