Nazirlər Kabinetinin kollektivi Naxçıvan Dövlət Xalça muzeyini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları Naxçıvan Dövlət Xalça muzeyini ziyarət ediblər.
Muzeyin bələdçisi əməkdaşlara məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 1998-ci ildə yaradılan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. Muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual ziyarət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb. Burada bütün xalça növlərinin (xovlu və xovsuz kilim, şəddə, palaz, cecim və.s.) və xalça məmulatlarının (məfrəş, heybə, çanta, torba, xurcun, örkən və.s.) nümunələri nümayiş etdirilir. Muzeydə Naxçıvan xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri saxlanılır.Ümummilli lider Heydər Əliyevin portreti əks olunmuş xalça muzeyin ən nadir eksponatlarındandır.
Məlumat verilib ki, burada  Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, torba və digər eskponatlar nümayiş etdirilir.Muzeydə xalçaçılıqla bağlı tez-tez sərgilər, tədbirlər təşkil olunur, eyni zamanda muzeyə kollektiv ziyarətlər davam etdirilir ki, bu cür tədbirlər və ziyarətlər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, eyni zamandatariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğində böyük əhəmiyyətə malikdir.

01-08-2022 09-08-49