Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyin olunmasına razılıq verib

Milli Məclisdə “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılıb.

Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verib.

 

Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir vəzifəsini icra edən Əli Əsədov çıxış edib:

Hörmətli xanım sədr! Hörmətli deputatlar! 

İlk öncə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm.

 

Hörmətli deputatlar,

Fürsətdən istifadə edərək müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm cənab Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm. 

 

Qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçımıza yüksək inam və etimadını göstərdi.

Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin Lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin etmişdir.

 

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir.

 

Bu gün Azərbaycan postmüharibə dövrünün çağırışlarına uyğun olaraq yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır.

 

Hörmətli deputatlar,

Fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində cənab Prezident son 20 ildə Azərbaycanın daxili və xarici siyasətində əldə edilən nailiyyətlər və uğurlar barədə ətraflı danışmışdır.

Eyni zamanda, andiçmə mərasimində dövlət başçısı ölkəmizin və cəmiyyətimizin hərtərəfli inkişafının əsas istiqamət və hədəflərini müəyyən edən proqram xarakterli geniş çıxış etmişdir.

Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaqdır.  

 

Cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaqdır.

Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq Hökumət qarşısında duracaqdır.

 

Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifahla bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələcək inkişafımızın təminatçısı olacaqdır.

 

Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir.

 

Əlbəttə ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi təmin edilməlidir.

 

Növbəti dövrdə Azərbaycan Hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcəkdir.

 

Bu baxımdan 2030-cu ilədək Milli Prioritetləri özündə ehtiva edən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı və digər irimiqyaslı proqramlar bu istiqamətdə fəaliyyətimizin səmərəli şəkildə davam etdirilməsi üçün yaxşı zəmin yaradır.

 

Bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Təsadüfi deyil ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin məhz ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilir.

 

Hörmətli xanım sədr, Hörmətli deputatlar!  

2019-cu ildə cənab Prezident tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyimin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışımdan ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında fəal birgə iş aparılmışdır.

 

Ötən müddət ərzində Hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulmuş, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilmişdir.

 

Buna görə hörmətli deputatlarımıza təşəkkürümü ifadə edirəm.

 

Ümidvaram ki, növbəti müddətdə də bu xoş ənənəni davam etdirəcəyik və birgə səylərimiz bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir. 

 

Onu da qeyd edim ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat diqqətinizə təqdim ediləcək və ötən il Hökumət tərəfindən görülən işləri və qarşıda duran vəzifələri müzakirə edəcəyik.

 

Hörmətli xanım sədr! Hörmətli deputatlar!

Bu gün bu yüksək kürsüdən bir daha bəyan edirəm ki, Azərbaycan Hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir.

 

Diqqətinizə görə təşəkkür edirəm!

20-02-2024 10-02-47