Şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bağ təsərrüfatının yaradılması və istifadəsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Uzunoba gölü ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi 2019-cu ildən bağ təsərrüfatı yaradılması üçün vətəndaşların istifadəsinə ayrılıb, ərazidə yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınıb.
Avqustun 11-də Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Məlumat verilib ki, bağ ərazilərinin təşkili ərazinin təbii-iqtisadi şəraiti, həmçinin mühəndis, nəqliyyat və sosial infrastrukturu nəzərə alınmaqla əlverişli hesab edilən, dövlət mülkiyyətində olan torpaq sahələri hesabına həyata keçirilir. Ərazidə nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq üçün 3 kilometr asfalt yol çəkilib, 1080 metr piyada yolu salınıb. Yolun üzərində 17 su keçidi qoyulub, 180 metr su kanalı çəkilib, 2 körpü əsaslı təmir olunub. Eyni zamanda Uzunoba Su Anbarında bəndin üzərinə 1900 metr uzunluğunda asfalt örtük salınıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu işlərin görülməsində əməyi olanlara təşəkkürünü bildirib, mənzil sahiblərinin hər birinə xoş istirahət və rahat həyat arzulayıb.
Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, ayrılan torpaq sahələrində bağ təsərrüfatlarının yaradılması məqsədilə ilkin mərhələdə 30 modul tipli evin tikintisi yekunlaşdırılıb ki, onlardan 20-si iki, 10-u isə üçotaqlıdır. Hər ev üçün ayrılan torpaq sahəsi çəpərlənib və abadlaşdırılıb, su, kanalizasiya, elektrik xətləri çəkilib və digər lazımi infrastruktur yaradılıb. Artıq ərazidə 28 ailə bağ təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün ev və torpaq sahəsi ilə təmin olunub. Ailələr onlar üçün ayrılan torpaq sahələrində yaşıllaşdırma işləri aparıb, müxtəlif meyvə ağacları, bostan və tərəvəz bitkiləri əkiblər.
Ali Məclisin Sədri ərazinin layihələndirilməsi və yeni bağ evlərinin tikilməsi, boş ərazilərdə yaşıllıqların salınması barədə tapşırıqlar verib.