Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “...bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”. Bu gün ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bu sahənin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına uyğun təhsil ocaqlarının qurulması təmin edilir.
Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonunun Alışar kənd məktəbində aparılan tikinti işlərinə baxıb.
Bildirilib ki, 2 mərtəbədən ibarət olacaq 342 şagird yerlik məktəb binasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılır. Burada 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar nəzərdə tutulub. Yenidənqurma işləri zamanı binaya iki korpus əlavə edilib. Binanın həyətində bufet, qazanxana tikilir, idman qurğuları quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.
Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.