Nazirlər Kabinetinin 2021-ci il 14 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə müvafiq vəsaitdən işçilərə verilən mükafatlardan qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.
Bundan əlavə, Nazirlər Kabinetinin eyni tarixli digər qərarları ilə “Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası”nda, “Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda və“Naxçıvan Muxtar Respublikasında Fərdi Reabiltasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nda dəyişikliklər edilmişidir. Sonuncu Qaydada edilmiş dəyişikliyə əsasənNaxçıvan Tibbi Sosial Ekspertiza Komissiyasının qəbul etdiyi qərarın dəyişdirilməsi barədə qərar qəbul edildiyi halda əlilliyi olan şəxsin Fərdi proqramına yenidən baxılması məqsədilə həmin şəxs TSEK-ə dəvət olunur.
Nazirlər Kabinetinin 2021-ci il 16 iyun tarixli Qərarı ilə “Naxçıvan Musiqi Kollecinin Nizamnaməsi” təsdiq edilmişdir. Nizamnaməyə əsasən Naxçıvan Musiqi Kolleci Naxçıvan Dövlət Universitetinin tabeliyində qanunvericiliyə uyğun olaraq ayrı-ayrı fəaliyyət sahələri üçün musiqi və digər ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını, habelə əlavə təhsil proqramlarını həyata keçirəcəkdir.
Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 22 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda, eləcə də “Koronovirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilmişdir. Sonuncu Qaydalarda edilmiş dəyişikliyə əsasən Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərir.Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj dezinfeksiya edilir.
Bunlarla yanaşı Nazirlər Kabinetinin 2021-ci il 23 iyun tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reystrinin aparılması Qaydaları”nda və Naxçıvan Musiqi Kollecinin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 25 iyun tarixli Qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.