Ümummilli liderimiz Heydər Əliyev deyib: “Tarix boyu Azərbaycan övladlarının Vətənə, öz millətinə, dövlətinə, xalqına sədaqət nümunələri, qəhrəmanlıqları və şəhidlik nümunələri onu göstərir ki, xalqımız bu gün də, gələcəkdə də öz torpaqlarını, Vətənini qorumağa hazırdır, Vətən, torpaq, müstəqillik naminə şəhid olmağa hazırdır”. Vətən, millət yolunda canlarından keçərək qəhrəmanlıq dastanı yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatın qarşısı alınarkən Naxçıvandan olan hərbi qulluqçu, baş leytenant Əli Əliyev də şəhidlik zirvəsinə yüksəlib.
Sentyabrın 14-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.
Şəhidin cənazəsi doğulduğu Şərur rayonunun Yengicə kəndinə yola salınıb.
Ali Məclisin Sədri şəhidin atası Cavad Əliyev ilə görüşərək başsağlığı verib.