Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb.
Sentyabrın 15-də - Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək ilk dəfə tədrisə başlayan tələbə və şagirdləri, eləcə də muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin bütün şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü, Kimya-Biologiya Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin müəllimi Məryəm Hüseynova və valideynlər adından Yeganə Nuriyeva çıxış ediblər. Çıxışlarda muxtar respublikada təhsilin inkişafı sahəsində görülən işlərdən bəhs olunub, yaradılan şəraitə görə minnətdarlıq edilib.
Tədris korpusu ilə tanışlıq zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 342 yerlik binada 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, direktor, psixoloq, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, qarderob və texniki otaqlar yerləşir. Binada internetə çıxışı olan 58 kompüter və 16 elektron lövhə quraşdırılıb. Liseyin kitabxana fondunda 5931 kitab və 840 test toplusu vardır.
STEAM kabinəsində 1 elektron lövhə, 12 kompüter, 3D printer quraşdırılıb, kabinə 31 mikrobit və komponent dəsti, 31 arduino və komponent dəsti, 2 Makeblock kəsmə və oyma CNC lazer dəzgahı, 32 ədəd 3D çap materialı, 78 STEAM eksperiment dəsti, 4 lego spike inkişaf dəsti, 10 ədəd 3D qələm, 23 elektrik mühəndisliyi dəsti və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Şagirdlər hazırladıqları “Eksperiment robot”, “Danışan çiçək”, “Mtiny kodlaşdırma robotu” layihələrini Ali Məclisin Sədrinə təqdim ediblər.
Müəllim Bəyaz Əliyeva deyib: “Bu gün müasir lisey müəllim və şagirdlərin istifadəsinə verilir. Burada laboratoriyalarla yanaşı, müasir dizaynda və zəruri avadanlıqlarla təchiz edilən STEAM kabinəsinin qurulması da şagirdlərin nəzəri biliklərini praktiki yolla möhkəmləndirmələrinə şərait yaradacaqdır. Şagirdlər kimya və biologiya elminin əsas anlayışlarını, modellərini STEAM kabinəsində tətbiqi yolla mənimsəyərək elmin dərinliklərinə yiyələnəcəklər. Eyni zamanda yaradılan yüksək tədris şəraiti gələcək ixtisaslı tibbi kadrların yetişməsinə öz müsbət təsirini göstərəcəkdir”.
Şagird Aysu Bağırzadə deyib: “Liseydə yaxşı təhsil almağımız üçün hərtərəfli şərait yaradılıb. Bu gündən təhsilimizi burada davam etdirəcəyik. Yaradılan şəraitin qarşılığında biz də söz veririk ki, təhsil aldığımız müddətdə liseyin bütün imkanlarından səmərəli istifadə edərək dərslərimizi yaxşı oxuyacaq, müasir texnologiyaları dərindən öyrənəcəyik. Ən əsası ulu öndər Heydər Əliyev yolunun davamçıları olacağıq”.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
Şagirdlərin nəzəri biliklərini möhkəmləndirmək üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir əyani vəsaitlər quraşdırılıb, idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə liseydə hərbi kabinə də fəaliyyət göstərir. Şahmat sinfinin bütün lazımi avadanlıqlarla təchiz olunması isə dərslərin daha yaxşı tədrisinə imkan yaradır.
Liseyin müəllimlərindən Lamiyə Əliyeva, İlkanə Qasımova və Ceyhun Səfərli yaradılan şəraitə görə minnətdarlıq edib, gələcəyin sağlam, ixtisaslı kadrlarının hazırlanmasında səylə çalışacaqlarını bildiriblər.
2022-2023-cü tədris ili üçün liseyin VIII və IX siniflərinə keçirilən qəbul imtahanında 632 şagird iştirak edib, 60-ı qız, 60-ı isə oğlan olmaqla, 120 şagird qəbul olunub. Şagirdlər liseydə ödənişsiz təhsil, yemək və yataqxana ilə təmin ediləcəklər. Liseydə qızlar üçün 120 yerlik 42 otaqdan, oğlanlar üçün 144 yerlik 50 otaqdan ibarət olmaqla, ümumilikdə 264 yerlik yataqxana vardır. Kompleksdə 240 yerlik yeməkxana, 84 yerlik bufet, 250 yerlik akt zalı istifadəyə verilib. Tədris korpusu və yataqxanaların foyesində müşahidə kameraları və səs sistemi quraşdırılıb, həyətyanı sahədə avtodayanacaq, açıq idman qurğuları, minifutbol meydançası və qazanxana tikilib, müxtəlif dekorativ ağac və kollar əkilib.
Ali Məclisin Sədri Kimya-Biologiya Təmayüllü Liseyin muxtar respublikada kimya-biologiya və tibbi kadr hazırlığı sahəsində pilləli təhsili təmin etdiyini bildirib, tikinti işlərində əməyi olanlara təşəkkür edib, liseydə təhsilin keyfiyyətinin diqqətdə saxlanılması və yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.