Vətən torpaqlarını düşmənə güzəştə getməyən, qəhrəmanlıq göstərən, uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımız qürur mənbəyimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır”.
Naxçıvandan olan hərbi qulluqçu, baş çavuş Rəşad Hüseynli Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhidlik zirvəsinə yüksəlib.
Sentyabrın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin əməkdaşı və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib.
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb.
Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib.
Şəhidin cənazəsi doğulduğu Culfa rayonunun Yaycı kəndinə yola salınıb.
Ali Məclisin Sədri şəhidin atası Ramiz Hüseynov ilə görüşərək başsağlığı verib.