Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzi və həkim ambulatoriyasında aparılan təmir işləri ilə də maraqlanıb.
Bildirilib ki, ikimərtəbəli kənd mərkəzi və həkim ambulatoriyasının dam örtükləri, fasadı və iş otaqları təmir olunub, pərdələr və xalçalar yenilənib. Binaların həyətlərində abadlıq işləri görülüb.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov kənddə görülən işlərdən bəhs edib.
Ambulatoriyanın baş həkimi Ülkər Quliyeva kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitdən istifadə edərək kənd əhalisinin sağlamlığının keşiyində duracaqlarına söz verib.
Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Sonra kənd sakinləri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri görülən işlər münasibətilə təbrik edib.
Sirab kənd sakinləri adından minnətdarlıq edən ziyalı İsmayıl Zeynalov deyib: “Ötən ildən etibarən Sirab kənd tam orta məktəbində tikinti işlərinə başlanılıb və bu gün kollektivə hədiyyə olunur. Uzun illərdir Naxçıvan Dövlət Universitetində çalışan müəllim kimi deyə bilərəm ki, yeni məktəb binası müasirliyinə və şəraitinə görə ali təhsil ocağının korpusunu xatırladır. Bütün bunlar muxtar respublikada ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsindən, elmə, təhsilə, gələcəyimiz olan gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir. Eyni zamanda kəndə yeni təsərrüfat suyu çəkilir, yollarımız abadlaşdırılıb, iki yeni körpü tikilib”.
* * *
Sirab kəndində bir sıra abadlıq işləri də görülüb. Kənddə 400 metr fiber-optik, 400 metr yeraltı kabel xətti çəkilib. Həmçinin 22 elektrik dirəyinə beton gövdə bərkidilib, 745 metr məftil naqil müxtəlifölçülü kabel xətti ilə əvəz edilib, 160 kilovatlıq transformator yarımstansiyası təmir edilib. Bundan başqa 230 poqonometr polietilen borularla məktəb binasına qaz xətti çəkilib, 2404 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb. Eyni zamanda “Sirab” nasos stansiyasının təzyiqli boru xəttinin yenisi ilə əvəz olunması üçün diametri 315 millimetr olan 2400 metrlik plastik borularla su xətti çəkilir.